Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan ikinci əsəridir. "Xosrov və Şirin" poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İranda hakimiyyətdə olmuş Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur.
Şair bu əsərində məhəbbətin böyüklüyünü, insan ağlını, düşüncəsini tərənnüm edərək əsrlərlə unudulmayan bədii surətlər, ədəbi qəhrəmanlar yaratmışdır. Bu qəhrəmanlar sırasında dünya ədəbiyyatı xəzinəsinin gözəl incisi olan Şirin öndə durur. Böyük mütəfəkkir şair bu poemasında həm də Şərq ədəbiyyatında ilk dəfə olaraq əmək adamını - Fərhad surətini dərin məhəbbətlə qələmə almış, onu həm əmək, həm də eşq fədası kimi şahlara nümunə göstərmişdir.
Tacı aydan yüksək o Qızıl Arslan
Qərbin pənahıdır. Şərqə hökmran.
"Xosrov və Şirin" poemasının quruluşu da çox maraqlı və orijinaldır. Əsər bütün orta əsr poemaları kimi minacat, nət, kitabın yazılması səbəbi, Toğrul Arslan, Azərbaycan Atabəylər dövlətinin hökmdarı Məhəmməd ibn Eldəgiz Cavan Pəhləvan və onun qardaşı Qızıl Arslanın tərifi, eşq haqqında şairin mülahizələri kimi giriş fəsillərlə başlanır. Bütün bunlardan sonra əsərin məzmunu gəlir. Hadisələr Xosrovun atası Hürmüzün hakimiyyətinin təsviri ilə başlayır. Xosrovun doğulması, böyüməsi, Hürmüzün ədaləti və s. təhkiyə tərzində verilir. Sonra Şapur Şirin haqqında danışır. Mükalimələr, dəyişmələr, Xosrovla Şirinin umu-küsüsü və s. çox maraqlı və təbii şəkildə, bir çox hallarda musiqi məclislərində, çalğıçıların nəğmələrində canlandırılır. Hər iki aşiqin məhəbbət yolundakı iztirabları, qarşılaşdıqları maneələr, meydana çıxan əngəllər və s. əsəri daha da maraqlı edir, oxucunun həyəcanını artırır. Poema həcmli olub, özündə bir neçə janrı birləşdirdiyi üçün mürəkkəb quruluşu ilə seçilir. Əsərdə alleqorik təsvirlər ruhun tanrıya istiqamətləndiyini göstərir. Lakin təsvirlər o dərəcədə canlıdırlar ki, ehtiyatı əldən verən oxucu bunu anlamayaraq, əsəri xalis bir sevgi romanı kimi qavramış olur.
Poemadakı hadisələr İran taxtına aid olub, Firdovsinin "Şahnamə" poemasından götürülmüşdür. Əsərin qəhrəmanı tarixi şəxsiyyət olub, süjeti isə olmuş hadisələrə əsaslanır. Nizami bu mövzunu ilk dəfə yazılı ədəbiyyata gətirən Firdovsini xatırlayır, sələfindən fərqləndiyini, qədim tarixlə bağlı olan bu məşhur mövzunu tamamilə yeni bir tərzdə işlədiyini bildirir:
Söylərkən o həkim bu xoş dastanı,
Çıxarıb içindən eşqi, fəğanı.
Altmış yaşındaydı yazanda bunu,
Saxlaya bilmirdi yayda oxunu.
Altmışda sevginin, eşqin həycanı
Titrədə bilməzdi yorğun qocanı.
Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.
Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə - Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.
Nizami mövzunun mənşəyi, onun xalq yaradıcılığı və bədii ədəbiyyatdakı əksi barədə məlumat verir. O, mövzuyla bağlı tarixi nümunələri sayır, tarixi kitablardan və xalq ədəbiyyatından faydalandığını bildirib, Fərhada isnad edilən tarixi abidələri xatırlayır:
Xosrovdan, Şirindən qalan yadigar
Gizlində deyildir, durur aşikar:
Şəbdiz atın şəkli, Bisütun dağı,
Pərviz sarayının eyvanı, tağı...
Qeyd edildiyi kimi, şair əsərini əsasən məhəbbət üzərində qurmuşdur. Əsərin müqəddiməsində də o, bu məsələyə xüsusi yer ayırmış, eşq haqqında maraqlı mülahizələr söyləmişdir:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.
...Eşqsiz olsaydı xilqətin canı
Dirilik sarmazdı böyük cahanı.
Eşqsiz bir adam bir neydir - qırıq,
Yüz canı olsa da, ölüdür artıq.
Nizami Hürmüz şahın rəiyyətin xeyrinə qoyulmuş qanunları pozan doğma övladını amansız cəzalandırdığını göstərməklə qanun qarşısında hamının bərabər olması kimi dövrü üçün çox aktual, həm də qabaqcıl bir ideya irəli sürür. Axı orta əsrlərdə qoyulan qanunlar feodal əyanları tərəfindən pozula bilir və onlar məsuliyyətə cəlb olunmurdular. Nizami isə qanunu pozanların, xalqa zərər yetirənlərin, şahzadə olsa belə, amansız cəzalandırılmasını zəruri hesab edirdi. Odur ki, şair Hürmüzün bu ədalətli hökmünü ürəkdən alqışlayır, təsvir etdiyi hadisəni dövrü ilə bağlamağa cəhd edərək ötəri şəkildə dövrünün ədalətsizliklərindən şikayətlənir:
Hanı o ədalət, o insaf hanı?
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Durub tərəf çıxan bir adam hanı?
Qadını həmişə cəmiyyətin tam ləyaqətli bir üzvü kimi görməyi arzulayan böyük şair tarixdən aldığı bu obrazı öz humanist ideyaları baxımından işləyib, qadınlıq haqqında yüksək fikirlərini onun vasitəsilə ifadə etmişdir. Şahzadə Şirin xristian Arran (Alban) hökmdarının - Məhinbanunun qardaşı qızıdır. Şair tükənməz bir məhəbbətlə sevən Şirini saf mənəviyyata malik, ismətli qadınlıq qürurunu yüksək tutan bir adam kimi oxucularına sevdirir. Şirin nəhayətsiz dərəcədə sevdiyi Xosrovla kəbinsiz evlənmir. Ona Xosrovun gizlicə saraya gəlmək təklifini yetirən Şapura acıqlanaraq:
Mən gövhərəm, neçin gərək əksiləm,
Çağrılmamış gedəm, məgər mən yeləm?
deyərək öz şərəfini alçaltmayacağını qəti bildirir. Şair xarici görkəmcə çox gözəl təsvir etdiyi sevimli qəhrəmanının daxili aləminin də olduqca zəngin, onun gözəl hüsnü ilə səsləşəcək səviyyədə göstərir. O, sərxoş halda qəsrə gələn Xosrova qapı açmır, onu rədd edir, kəbinsiz evlənməyəcəyini söyləyir. Nəhayət, kəbin kəsildikdən sonra evlənir və sevgilisindən əli üzüldüyü zaman isə özünü öldürür. Şirinin öz sevgilisinin məzarı üstündə intihar etdiyini təsvir edərkən də şair onun bu fədakarlığını alqışlamaqla bərabər qadınlıq haqqında danışmış, qadını ülvi bir varlıq kimi tərifləmişdir:
Alqış bu ölümə, əhsən Şirinə,
Öldürən Şirinə, ölən Şirinə.
Məhəbbət yolunda ölüm budur, bax,
Canana belədir canı tapşırmaq...
Çox gözəl arvad var mərdlikdə bir şir,
Çox ipək içində şirlər gizlənir.