Yaxşı iş də görsən, pis iş də inan,
Unutmaz onları bu qoca dövran.
Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zər-xara.
Həyat nəyə gərəkdir bir həmdəmin olmasa?
İnsan çətin yaşayar dosta əmin olmasa.
Poladdan dağ olsa yenə də inan,
Vurub parça-parça dağıdar insan.
Hər əməlin üstündən sanma keçəndi dövran,
Hər yaxşını, yamanı yaxşı seçəndi dövran.
El gözündə Nizami ucalıbdır düzlükdən.
İlhamına, qəlbinə güc alıbdır düzlükdən.
Yaxşılığı əzəldən adət etsən özünə,
Yaxşılığın hər yandan qapı açar üzünə.
Boş durma, yaz, alışdır gözəl xəttə qələmi,
Yazmasan da, götürüb barı, qəddə qələmi.
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
Məmləkətin dayağı ədalətdir hər zaman,
Ədalətlə nəsibin səadətdir hər zaman.
Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,
ədalət səadətlə abad eylər ölkəni.
Varkən sağlıq əldə, cavanlıq qəlbdə,
Sənindir hər murad, hər xoş əməl də.
Ülviyyət timsalı tək ucalmağa çalış sən,
Ülviyyət göylərindən öc almağa çalış sən.
Doğruya azacıq bənzəyən yalan,
Yaxşıdır yalana bənzər doğrudan.
Gəncəm – Babilim mənim Harutu yandırmada,
Ən uzaq ulduzu da zöhrəm nurlandırmada.
Keçir öz ölkəmdə mənim hər günüm,
Qaçmaram, bağlıdır arxamla önüm.
Gəncə mənim yaxamdan möhkəm yapışıb hələ,
İraq xəzinələri yoxsa keçərdi ələ.
Bir səs gəldi cahandan: - ey qul, yetər əyləncə!
Axı kimdi Nizami, axı, hardadı Gəncə?
Körpü su üstündə olmasa, düşün,
Kimə xeyri vardır belə körpünün?
Hünər ardınca qoş, xalqa hünər saç,
Qapılar bağlama, ər ol, qapı aç.
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!
Gənclikdir insana gözəllik verən,
Gözəllik sönərsə qəlb olurmu şən?
Sözünə düşmənin gözləriylə bax,
Onda yaxşı, pisi görərsən ancaq.
Dövlət quşu humaysan, qayən səadət olsun,
Az yemək, az danışmaq, nəciblik adət olsun.
Əzəl gündən qiymətli bir incidir doğru söz,
Acısıyla könüllər sevincidir doğru söz.