İnstitut 1932-ci ildə yaranmışdır. 1930-cu illərdə o, SSRİ EA-nın Azərbaycan filialına daxil idi. 1945-ci ildə Azərbaycan SSR EA yaradıldıqdan sonra Ədəbiyyat İnstitutu onun tərkibinə daxil oldu. 40-cı illərin sonunda o, Dilçilik İnstitutu ilə birləşdirilmişdir. 1969-cu ildən İnstitut Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu adı altında fəaliyyət göstərir.
Fəaliyyət istiqamətləri — Folklorun tarixi və nəzəriyyəsi, toplanması və nəşri, ən qədim dövrlərdən bu günə qədər Azərbaycan ədəbiyyatının tarixi mərhələləri və inkişaf qanunauyğunluqları, nəzəri problemləri, ədəbi əlaqələr, Cənubi Azərbaycanda ədəbi proses, xaricdə Azərbaycan ədəbiyyatı, ortaq türk ədəbi abidələri, müasir və klassik bədii irsin nəşri.
Elmi nəticələr — Azərbaycan ədəbiyyatının qaynaqları, tarixi mərhələ təsnifi və inikişaf qanunauyğunluqları silsiləsindən, habelə milli ədəbi abidələrin elmi ictimaiyyətə çatdırılması istiqamətində son beş ildə 70 (onlardan 6-sı xaricdə) kitab çap olunmuşdur. Beynəlxalq ədəbi əlaqələrin tarixi təcrübəsinə və çağdaş vəziyyətinə, folklor irsimizə, klassiklərin yubileyinə həsr olunmuş 30-dan artıq beynəlxalq, regional və respublika müşavirələri keçirilmişdir