Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi 1141-ci ildə Gəncənin ziyalı və zadəkan ailəsində dünyaya göz açmışdır. Görkəmli mütəfəkkirin təxəllüsü Nizami, əsl adı isə İlyas Yusif oğludur.
Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra dayısı Xacə Ömərin yanında qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb, kimya, fizika, həndəsə elmlərini mükəmməl öyrənmişdir. Dahi Şeyx Nizami doğma Azərbaycan dilindən başqa pəhləvi, fars, ərəb və yunan dillərini mükəmməl şəkildə bilmişdir.
Nizami Gəncəvi ömrü boyu doğma şəhəri Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır.
1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin ona kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Lakin Nizami dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı beş poemadan ibarət ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") "Xəmsə" (Beşlik) müəllifi kimi daxil olmuşdur.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Humanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında Vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi 1209-cu il mart ayının 12-də doğma şəhəri Gəncədə dünyasını dəyişmiş və orada dəfn olunmuşdur.
XII əsrin görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi Azərbaycan Prezidentinin sərəncamı ilə ucaldılıb. Heykəl İtaliyanın paytaxtı, Roma şəhərində Villa Borghese parkında, Viale Madame Leticia ərazisində yerləşir. Abidənin müəllifləri Azərbaycan Respublikasının xalq rəssamı Salxab Məmmədov və heykəltəraş Əli İbadullayevdir. Layihə, Roma şəhərın Hökumətinin tarix və incəsənət üzrə komissiya tərəfindən təsdiqlənmişdi.