⠀⠀

nizami ganjavi
07 Oktyabr 2021
“Nizami və Dante: Mədəniyyətlərdə ortaq və fərqli məqamlar” beynəlxalq elmi konfrans öz işinə başlayıb
Dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik və İtaliyanın tanınmış şairi Dante Aligyerinin 700 illik yubileyi çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası, İtalyanşünaslar Assosiasiyası (ADI), Dante Qrupu, İtaliya Ədəbiyyat Nəzəriyyəsi və Müqayisəli Ədəbiyyat Tarixi Assosiasiyası (COMPALIT) və İtaliya Qələm Klubunun tərəfdaşlığı ilə 2021-ci ilin 7 oktyabr tarixində onlayn formatda “Nizami və Dante: Mədəniyyətlərdə Ortaq və Fərqli Məqamlar” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. Qeyd edək ki, sözügedən konfrans üç gün (7-9 oktyabr tarixlərində) davam edəcək.

Beynəlxalq elmi konfransın əsas məqsədi müsəlman Şərqi və xristian Qərbindən olan iki böyük orta əsr ədibininin - Nizami (1141-1209) və Dante (1265-1321) - yaradıcılığının nümunəsində iki fərqli qütbün mədəniyyətləri arasında oxşar və fərqli cəhətləri müqayisəli formada təhlil etməkdir.

Konfransın rəsmi açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri cənab İsmayıl Səragəldin, İtaliya Ədəbiyyat Nəzəriyyəsi və Müqayisəli Ədəbiyyat Tarixi Assosiasiyasının Prezidenti Massimo Fusillo, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri professor Rəhilə Qeybullayeva, Turin Universitetinin professoru və İtaliya Elmlər Akademiyasının üzvü Mariya Tereza Ciyaveri, Suor Orsola Beninkasa Universitetinin professoru Nunzio Rucciero, Arizona Universitetinin professoru Kamran Talattof və Bolonya Universitetinin professoru Karlo Sakkone çıxış etmişdir.

Konfransın panellərarası fasiləsi zamanı Nizami və Dante əsərlərinə həsr edilmiş klassik və müasir musiqi nümunələri səsləndirilir. Azərbaycan-İtaliya mədəni mübadiləsinin təzahürü kimi Dante dövrünə xas olan, eyni zamanda müasir italyan musiqisindən parçalar və Üzeyir Hacıbəyovun timsalında Azərbaycan klassik musiqi nümunələri ilə yanaşı müasir azərbaycanlı müəlliflər Hamlet İsaxanlı və Nailə İsayevanın bəstələrindən ibarət parçalar da təqdim edilir.

Üç gün davam edəcək konfransda Orta əsrlər ədəbiyyatında, folklor və real həyatda sevgi anlayışı, sevgi simvolunun dini mətnlərdə və bədii ədəbiyyatda rolu müzakirə olunacaq. Bundan əlavə Nizami və Dantenin əsərlərində didaktik janr və onların bu janrın inkişafında rolu haqqında müzakirələr aparılacaqdır.

Öz əsərlərində məhz didaktik janra müraciət edərək hökmdarlara öyüd-nəsihət verən, onları idarə etdikləri dövlətin, cəmiyyətin ehtiyaclarını qarşılamağa, əsaslı islahatlar aparmağa, ədalətli olmağa səsləyən Nizami Gəncəvi ilə yanaşı, Dante Aligyeri də sevgi, məhəbbəti hökmdarların və ümumən insanların mənəvi kamilləşməsi üçün tərbiyəedici bir vasitə kimi istifadə etmişdir.

Sözügedən konfransda azərbaycanlı alimlərlə yanaşı 12 müxtəlif ölkədən (Əlcəzair, ABŞ, Brazilya, Hindistan, Misir, Gürcüstan, Türkiyə, İtaliya, Böyük Britaniya, Rusiya, Hollandiya, Finlandiya) 40-a yaxın əcnəbi alim iştirak edir.