⠀⠀

nizami ganjavi
29 May 2021
Misirin nüfuzlu “Əl Əhram” qəzetində Nizami Gəncəviyə həsr olunmuş geniş məqalə dərc edilib
Misirin nüfuzlu “Əl Əhram” qəzetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Müdriklik və mistisizm şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunur” sərlövhəli məqalənin müəllifi Mahmud Saad Diab dahi şairin öz dövrünün poetik-fəlsəfi fikrinin ən görkəmli nümayəndələrindən biri olduğunu yazır. Bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Şərqin böyük mütəfəkkirinin yubileyinin geniş şəkildə qeyd olunmasına dair Sərəncam imzalayıb.

Məqalədə Nizami Gəncəvinin həyatı və zəngin yaradıcılığı haqqında geniş məlumat verilir. Dahi şairin müsəlman Şərqində məşhur olan “Xəmsə”sini daxil olan poemalardan əraflı söz açan müəllif, həmçinin o dövrün ən mühüm elm-mədəniyyət mərkəzi və Nizaminin yaşadığı Gəncə şəhəri haqqında qədim mənbələri də diqqətə çatdırır. O əlavə edir ki, Bakı, Sankt-Peterburq, Romada Nizaminin heykəlləri, Gəncədə məqbərəsi ucaldılıb, habelə Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi fəaliyyət göstərir.

Müəllif yazır ki, Nizami irsinin daha geniş tədqiqi və təbliği, onun əsərlərinin kütləvi nəşri 1979-cu ildə dahi siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə başlayıb. Məhz “Xəmsə”dəki mənəviyyat və əxlaq ideyaları Azərbaycan xalqının Ümummilli Liderinin diqqətini cəlb edib.

Yazıda Misirdəki Azərbaycan diasporunun sədri, Qahirə Universitetinin professoru Seymur Nəsirovun Nizami Gəncəvi yaradıcılığı barədə qədim ərəb mənbələrində apardığı tədqiqatların nəticələrindən də bəhs edilir. Tədqiqatçı-alim qədim ərəb mənbələrinə istinadla “Əl Əhram” qəzetinə bildirib ki, XIII əsr ərəb alimi İmam Cəzərinin kitabında, habelə orta əsr ərəb mütəfəkkiri İmam Səməaninin "Əl-Ənsab” (Nəsəblər) əsərində Nizami Gəncəvinin əsərlərinin Şərq poeziyasının və fəlsəfi fikrinin incisi olduğu yazılır. Dahi şairin dünyaya göz açdığı Gəncə şəhəri haqqında da ərəb mənbələrində bir çox maraqlı faktlar mövcuddur. Həmin mənbələrdə Gəncəyə mənsub olan alimlərdən bir neçəsinin adı qeyd edilir. Bunlardan İbrahim ibn Məhəmməd əl-Cənzi, Abu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini misal göstərmək olar. Alimin “Taudihu əl-Muştəbəh” (Şübhələrin aydınlaşdırılması) kitabında qeyd olunub: “əl-Cənzi, Cənzəyə mənsubdur, o, elə Gəncədir”. XIII-XIV əsrlərdə yaşamış coğrafiyaşünas alim əl-Qəzvini “Əsar ül-biləd və əxbər ül-ibəd” əsərində Nizaminin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” və “Yeddi gözəl” kimi əsərlərinin olduğunu, “Xosrov və Şirin” əsərində dini nəsihətlərdən, hikmətli kəlamlardan, atalar sözləri və gözəl hekayələrdən çox istifadə edildiyini yazır. O, bu əsərin səlcuqilər şahı Toğrul Arslan oğlu üçün yazıldığı və Sultanın da şeir və şairlərə diqqət yetirdiyi üçün Nizamiyə böyük hörmət qazandırdığını, insanlar arasında nüsxələri yayılaraq onu məşhurlaşdırdığını bildirir. “Leyli və Məcnun” əsərinin isə Şirvan şahının istəyi ilə onun üçün yazıldığını və bu əsərin analoqu olmadığını vurğulayır. XVII əsrdə yaşamış böyük alim Hacı Xəlifə öz “Kəşf əz-Zunun” (Şübhələri üzə çıxarmaq) əsərində “Xəmsə” (beşlik) adı ilə məşhur olanların adlarını çəkərkən deyir: “Onlardan biri də Şeyx Cəmaluddin İlyas ibn Yusuf bin Muəyyid Nizami əl-Kəncəvidir”. (Ərəb dilində “G” hərfi olmadığından, onu ya c ilə, ya da k ilə ifadə edirlər). Həmçinin XX əsrin ortalarında yaşamış alim Əbdunnəim Həsəneyn “Nizami Gəncəvi” adlı əsərində Azərbaycanın Gəncə şəhərində yaşamış Nizami Gəncəvinin sonradan şahlara və hakimlərə mədhiyyələr yazdıqdan sonra dövrünün haqsızlığı və ədalətsizliyi ilə əlaqədar onlardan uzaqda, daha çox tənhalığa üstünlük verdiyini qeyd edir. O, şairin əsərlərinin ana xəttinin hər zaman yaxşı, xeyirxah əməllərə, gözəl əxlaqa, ədalətə çağırış olduğunu, həmçinin zülmdən şikayət edildiyini qeyd edir. Müəllif böyük ehtimalla şairin hicri tarixi ilə 539-cu (1141) ildə doğulub və 608-ci (1210) ildə vəfat etdiyini yazır.