⠀⠀

nizami ganjavi
31 May 2021
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bakı məktəbliləri ilə növbəti videogörüş keçirilib
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bakı məktəbliləri ilə növbəti videogörüş keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsinin 1 saylı tam orta məktəbinin təşəbbüsü ilə baş tutan “Nizami Gəncəvi irsi” adlı onlayn görüşdə muzey əməkdaşları ilə yanaşı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri də iştirak ediblər.

Tədbirdə muzey bələdçiləri – Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Gülnar Əqiq və Ədəbi mərasimlər və nəşrlər şöbəsinin əməkdaşı Zarema İbrahimova videokonfrans iştirakçılarını Nizami Gəncəviyə həsr olunmuş ekspozisiya zalları ilə tanış edib.

Azərbaycan və rus dillərində aparılan izahatlar zamanı muzeyin 80 illik fəaliyyəti, burada nümayiş olunan tətbiqi sənət nümunələri, süjetli xalı və rəsm əsərləri barədə ətraflı məlumat verilib.

Onlayn tədbirdə Abşeron məktəbliləri Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.