Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Nizami Gəncəvi 880 illik dəyər” adlı onlayn tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir kitabxananın instaqram hesabı üzərindən canlı yayımlanıb. Tədbir dahi şairin həyatına həsr edilmiş "Nizami" filmindən qısa fraqmentlə başlayıb. Daha sonra kitabxananın əməkdaşı Alina İsmayılova Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib.
Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.