⠀⠀

nizami ganjavi
11 İyun 2021
Nizami Gəncəvinin portreti kimin obrazı əsasında çəkilib?
1939-cu ilədək Nizami Gəncəvinin hər hansı bir təsviri olmayıb. Şairin 800 illik yubileyi ərəfəsində onun portretinin çəkilməsi üçün rəsm müsabiqəsi elan edilir. Bir çox təsvirlər çəkilsə də, heç biri bəyənilmir. Ancaq o dövrün ziyalıları və nizamişünasların məsələyə müdaxiləsindən sonra şairin portreti ərsəyə gəlir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva deyib.
“O vaxt Nizami irsinin araşdırmaçısı Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı şairin üz quruluşunu və cizgilərini təxmini təsvir ediblər. Bu təsvirlərə uyğun gələn şəxs isə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən tapılıb,” - deyə T.Verdiyeva söyləyib.

Bundan sonra Üzeyir Hacıbəylinin həmyerlisi, Ağcabədidən olan axund XII əsrə uyğun geyindirilir və qrimlənir. Rəssam Qəzənfər Xalıqov isə onun portretini çəkir və müsabiqənin qalibi seçilir. Beləliklə, Nizami Gəncəvinin portreti yaranır.

Hazırda iki nüsxədən ibarət portretin bir nüsxəsi Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyində, ikinci nüsxə isə Gəncə Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub və dahi şairin 880 illiyi geniş qeyd edilir.