⠀⠀

nizami ganjavi
11 İyun 2021
“Nizami Gəncəvinin hikmət xəzinəsi” mövzusunda konfrans keçirilib
Qusar Rayon İcra Hakimiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Qusar rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvinin hikmət xəzinəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açılış nitqi söyləyib. Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan etməsindən sonra həm akademiyada, həm də Ədəbiyyat İnstitutunda keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. O, Qusar Rayon İcra Hakimiyyəti ilə birgə gerçəkləşən konfransı Ədəbiyyat İnstitutunun bu mövzuda bölgələrlə birinci işi olduğunu qeyd edib.

Akademik bildirib ki, sovet dövründə Nizami Gəncəvi kommunizm ideallarına uyğun təbliğ edilib. İndi Nizami Gəncəvi müstəqil Azərbaycan idealları işığında öyrənilməli və təbliğ olunmalıdır. İsa Həbibbəyli Nizaminin əsərlərində Azərbaycan coğrafiyasının, xüsusilə Dərbəndin, Kəpəz dağının, Bərdənin, Gəncənin, Mağaranın, Təbrizin və başqa yerlərin adının çəkildiyini vurğulayıb. O deyib: “Nizami azərbaycanca düşünüb farsa yazıb. Onun işlətdiyi zərb-məsəllər, atalar sözləri, frazeoloji birləşmələr və s. azərbaycanlı təfəkkürünü ifadə edir. Azərbaycan xalqı Nizaminin timsalında dünyaya qüdrətli sənətkar verib. Makedoniyalı İsgəndər qılıncı ilə nə qədər fəth etmişdirsə, Nizami Gəncəvi də qələmi ilə o qədər fəth edib. Əsərlərində bəşərilik ilə yanaşı, vətənpərvərlik ruhunun olması böyük xəzinədir. O saray şairi olmasa da, Azərbaycan Atabəylər dövlətinin ideoloqu olub. Şirvanşahlar ilə də yaxşı əlaqələr qurub. Nizami “Şahnamə” ənənəsini sındırıb, şahın insanlarla münasibətindən, hökmdarların daxili dünyasından yazıb. O, ədəbiyyatı salnaməçilikdən xilas edib. Nizami hökmdarı yox, eşqi dünyanın fatehi hesab edir”.

Sonra Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova çıxış edərək həm “Nəsimi İli”, həm də “Nizami Gəncəvi İli” ilə bağlı şöbələrində görülmüş işlər barədə məlumat verib.

Qeyd edək ki, Ədəbiyyat İnstitutunun bir sıra alimləri konfransa Qusarda qatılıblar. Onlar konfransın mövzusu ilə bağlı məruzələrlə çıxış ediblər.