⠀⠀

nizami ganjavi
23 İyun 2021
Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri Nizami Gəncəvinin əsərlərindən ibarət kompozisiya hazırlayıblar
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin bir qrupu “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi şairin əsərlərindən ibarət kompozisiya hazırlayıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Akademiyanın tələbələri Gürşad Həbibli, Nabat İbrahimova, Leyla Ramazanova, Mehdi Əkbərzadə və Milyanxanım Babazadə mütəfəkkir şairin “Sirlər xəzinəsi” poemasından “Söz qoşmağın fəziləti haqqında” hissəsini səsləndirərək sözün hikmətini dahi Nizaminin öz qələmindən gənclərə çatdırmağa çalışıblar.

Akademiyanın ədəbiyyata, incəsənətə marağı olan yaradıcı tələbələri mütəmadi qaydada şeir gecələri, musiqili tədbirlər və maraqlı layihələrlə çıxış edirlər. Onların bu son təşəbbüsü isə Nizami Gəncəvi irsinə böyük marağın nəticəsi olmaqla yanaşı, dahi şairin yaradıcılığının gənclər arasında təbliğinə də xidmət edir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub.