Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı rəsm müsabiqəsini elan edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə 15 yaşdan yuxarı Gürcüstan vətəndaşları iştirak edə bilərlər.
Nizami Gəncəviyə və onun əsərlərinə həsr olunan ən yaradıcı rəsm əsərini təqdim edən şəxslər səfirlik tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin digər müsabiqə iştirakçıları da sertifikatla təltif olunacaqlar.
Müsabiqənin nəticələri iyulun 6-da açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 2021-ci il “Nizami Gəncəvi İli” elan olunub.
Müsabiqədə iştirak etmək istəyən şəxslərdən mövzu üzrə rəsm əsərlərini iyulun 4-dək səfirliyə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etmələri xahiş olunur.
Müsabiqə ilə bağlı ətraflı məlumat almaq istəyən şəxslər səfirliyin (+995 32) 224-30-04 nömrəli telefonu ilə əlaqə saxlaya bilərlər.