AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Nizami İli” çərçivəsində növbəti onlayn mühazirə keçirib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, “Qüvvət elmdədir! Başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz...” devizi ilə “Nizami mühazirələri”nin dördüncü toplantısı Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyi ilə birlikdə onlayn formatda təşkil edilib.
Tədbiri muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Nizami Gəncəvi yaradıcılığının öyrənilməsi və təbliğinin vacibliyindən danışıb. O, Nizami irsində təkcə Şərq ədəbi-mədəni dəyərlərinin deyil, eyni zamanda, Qərb ədəbi-mədəni dəyərlərinin öz kamil sintezini tapmasından, Nizami yaradıcılığının klassik dövrün yeni mərhələsi kimi qiymətləndirilməsindən bəhs edib. Y.Bahadurqızı Aran filialı tərəfindən keçirilən mühazirələrin gənc nəslin Nizami irsinə marağının artırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyinin sədri, professor Habil Məmmədov “Nizami yaradıcılığı tarix və etnoqrafiyanın öyrənilməsində mühüm mənbə kimi” mövzusunda məruzə edib. O, şairin əsərlərində əks olunan tarixi faktlardan, toponimlərdən, dövlətçilik ənənələrindən, Sasani və türk hökmdarlarından bəhs edib, tarixi mənbə kimi “İsgəndərnamə” poemasına xüsusi diqqət yetirib. Mühazirəçi, həmçinin Nizami yaradıcılığında özünü büruzə verən zəngin etnoqrafik məlumatları dinləyicilərin nəzərinə çatdırıb. Mühazirədə Nizami Gəncəvinin əsərlərində təsərrüfat, ailə məişət, mənəvi və maddi mədəniyyət məsələlərinə dair maraqlı fikirlər xüsusi vurğulanıb.
Tədbirin digər mühazirəçisi AMEA Milli Azərbaycan Tarix Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva “Nizami dövrü Azərbaycanda təhsil” mövzusunda mühazirə söyləyib. Azərbaycanda orta əsrlərdə İslam mədəniyyətinin yayılmasında mühüm rol oynamış təhsil müəssisələri, o cümlədən mədrəsələr haqqında məlumat verib. Öz yeni keyfiyyətlərinə görə, digər mədrəsələrdən fərqlənən Bağdad Nizamiyyə mədrəsəsi, oradakı təhsil və azərbaycanlı müdərrislərin rolu haqqında da danışan mühazirəçi mənbələr üzərində apardığı araşdırmalar nəticəsində Xilafətin 30-dan çox mədrəsəsində azərbaycanlı müdərrislərin fəaliyyət göstərmələri haqqında məlumat əldə etdiyini qeyd edib. Alim, eyni zamanda, Azərbaycanda təsis edilmiş mədrəsələr və oradakı təhsil haqqında da söz açıb.
Mühazirəyə Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyinin üzvləri, Kürdəmir rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat və tarix müəllimləri, Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulublar.