⠀⠀

nizami ganjavi
09 İyul 2021
“Nizami Gəncəvi və Yunus Əmrə irsinin tarixiliyi və müasirliyi” mövzusunda dəyirmi masa
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəvəti ilə türkiyəli alimlərlə birgə “Nizami Gəncəvi və Yunus Əmrə irsinin tarixiliyi və müasirliyi" mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı dəyirmi masanı açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib. O, dahi Azərbaycan şairi və mütəfəkkiri, bütövlükdə Şərq poeziyasının dühası Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsini xatırladıb, Azərbaycan-Türkiyə ədəbi və mədəni əlaqələrinin genişlənməsindən bəhs edib.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri Yaqut Bahadurqızı “Nizami Gəncəvi yaradıcılığının Azərbaycan mədəniyyətinə təsiri”, Regional İdarənin Xocavənd rayonu üzrə baş məsləhətçisi Ramil Əhmədov “Modern dünya ədəbiyyatında Nizami Gəncəvi təsirləri” mövzusunda çıxış ediblər. Dəyirmi masanın iştirakçısı yazıçı-publisist Əlisəfa Azayev də mövzu ətrafında öz fikirlərini bölüşüb.
İstanbul Universitetinin müəllimləri doktor Məhmət Samsakçı və Kaan Kapan Nizami Gəncəvinin və Yunus Əmrənin yaradıcılığında üstünlük təşkil edən hikmətlərdən bəhs ediblər.

Tədbirdə İmişli Rayon Mədəniyyət Mərkəzinin Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı hazırladığı musiqi və qiraət proqramı dəyirmi masaya xoş ovqat bəxş edib.

Sonda filialın müdiri qonaqları muzey ekspozisiyası – xüsusilə Nizami guşəsi ilə tanış edib və onlara nadir eksponatlar haqqında ətraflı məlumat verib.