Astara Rayon Gənclər və İdman İdarəsinin, Astara Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə dahi mütəfəkkir şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş gənc rəssamların əl işlərinin onlayn müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 15 gün davam edən onlayn müsabiqədə Astara rayonunun ümumtəhsil məktəblərini, Astara Dövlət Rəsm Qalereyasını, Lənkəran və Qazax Rəssamlıq məktəblərini təmsil edən 25 istedadlı gənc rəssamın əl işləri nümayiş etdirilib.
Müsabiqənin yekun nəticələrinə əsasən, Pərvin Qəhrəmanlı (Astara şəhər 1 nömrəli tam orta məktəb) birinci, Aysun Cümşüdova (Sərək kənd tam orta məktəbi) ikinci, Nəzrin Qəhrəmanlı (Astara şəhər 1 nömrəli tam orta məktəb) üçüncü yerləri tutublar.
Fərqləndirici yerlərə Gülçətay İbrahimzadə, Amina Talışinskaya və Ziyatay İbrahimzadə (Lənkəran Rəssamlıq Məktəbi), Ema Carcılı (Qazax Rəssamlıq Məktəbi), Elvira Fərziyeva (Səncərədi kənd tam orta məktəbi) və Nahidə Kərimova (Təngərüd kənd tam orta məktəbi) layiq görülüblər.
Müsabiqədə fəxri yerlərə sahib olan və fərqlənən gənclərə Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim ediləcək.