AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Sabunçu Rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirilib.
Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxananın direktoru Nəcibə Hüseynova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsindən sonra ölkəmizdə və kitabxanada gerçəkləşdirilən tədbirlər haqqında məlumat verib.
İnstitutun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Rühəngiz Əliyeva “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. Həmin şöbənin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı da Nizami Gəncəvinin tədqiqi və təbliği istiqamətində görülmüş işlərdən danışıb. Eyni zamanda, sovet dövründə yol verilən bəzi yanlışlıqların aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.
Kitabxananın əməkdaşları Səmayə Nuriyeva, İlhamə Vəliyeva, Günel Səfərova, Elnarə Quliyeva və Əfsanə Rüstəmova mövzu ilə bağlı fikirlərini bildiriblər.