⠀⠀

nizami ganjavi
06 Sentyabr 2021
Misirin “Nil-Mədəniyyət” telekanalı Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlayıb
Misirin “Nil-Mədəniyyət” televiziya kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, verilişdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyi diqqətə çatdırılıb, Şərqin dahi şair və mütəfəkkirinin həyatı, zəngin yaradıcılığı, dünyaya gəldiyi Gəncə şəhəri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Nizami Gəncəvi məşhur “Leyli və Məcnun” poemasını ərəb məhəbbət dastanından ilham alaraq yaradıb. Həmçinin Misirin İsgəndəriyyə Kitabxanasında dahi şairin büstü qoyulub.

Verilişdə diqqətə çatdırılıb ki, gündən-günə qüdrətlənən Azərbaycan ötən il öz torpaqlarının işğaldan azad olunması uğrunda Ermənistana qarşı müharibədə Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib.
Süjetdə Azərbaycanın paytaxtı Bakı, ölkəmizin füsunkar təbiət mənzərələri və tarixi abidələrimiz nümayiş etdirilib. Misirli tamaşaçılara məlumat verilib ki, İslam ölkəsi olan Azərbaycan elm, mədəniyyət, təhsil sahələrində böyük uğurlar qazanıb, həmçinin qüdrətli iqtisadiyyata malikdir.
Verilişdə, həmçinin Nizaminin “Leyli və Məcnun” poeması əsasında kiçik tamaşa hazırlayan və dövlət himnimizi ifa edən misirli gənclərə Azərbaycanın Misirdəki səfirliyi tərəfindən təşəkkürnamələr təqdim edilib.