AMEA-nın Folklor İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlunun “Nizami Gəncəvinin milli kimliyi” məqaləsi Belçikanın nüfuzlu atunispoetry.com ədəbiyyat saytında yayımlanıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, müəllif yazıda Nizami Gəncəvi irsinin öyrənilməsində, onun əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsində bir çox yanlışlıqlara yol verildiyini, eləcə də şairin milli kimliyi ilə bağlı, türklük ilə əlaqəli beytlərinin, misralarının deformasiyalara məruz qaldığını, ya ixtisar, ya da təhrif edildiyini diqqətə çatdırıb. Alimin fikrincə, xüsusilə şairin dini görüşlərinin ifadə olunduğu, bəşərin sonuncu peyğəmbəri - Məhəmməd peyğəmbərin milli kimliyini və şairin özünün türklüyünü öyrənmək baxımından həmin misraların böyük əhəmiyyət daşıdığı şəksizdir. Nizami Gəncəvinin Azərbaycan şairi, milliyyətcə təmiz türk olduğunu vurğulayan N.Muradoğlu məqalədə böyük şairin həm də doğma ana dili – türk dilində divan yazdığını və professor Əliyar Səfərlinin şairin türk dilində divanı haqqında elm aləminə geniş məlumat verdiyini, şairin milli kimliyinin və bədii irsinin araşdırılmasında bu divanın böyük əhəmiyyət daşıdığını qeyd edib.
Məqalədə şairin milli mənsubiyyəti və türklüklə bağlı məsələlərə də geniş yer verilib.