17 iyun 2021-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərginin açılışı karantin şəraiti nəzərə alınaraq keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar tarixli sərəncamı ilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan etmişdir. 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və həmçinin Azərbaycan dövlətçiliyinin inkişafında böyük rol oynamış Azərbaycan Atabəyləri dövlətinin yaranmasının 885-ci ildönümü tamam olur.
Sərginin açılışında məqsəd dahi Nizami Gəncəvi və onun yaşadığı dövrü tarixi eksponatlar vasitəsilə nümayiş etdirməkdir.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Nərgiz Axundova, akademik Gövhər Baxşəliyeva, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, AMEA Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər Şurasının sədri Elnur Həsənov və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə akademik Nailə Vəlixanlı açaraq sərginin əhəmiyyəti barədə ətraflı məlumat verərək bildirmişdir ki, Muzeydə qorunub saxlanılan qiymətli eksponatlar, qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə aid miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər nümayiş etdirilmiş və digər maddi mədəniyyət abidələri sərgi iştirakçılarında tariximiz və mədəniyyətimizin bu günədək keçdiyi inkişaf yolu barədə geniş təsəvvür yaradır.
Muzeyin Kitabxanasında və qeyd olunan fondlarda: Arxeologiya, Etnoqrafiya, Köməkçi tarixi fənn materialları, Numizmatika, Silahlar və bayraqlar, Xüsusi fondlarında qorunan 250 eksponat sərgidə nümayiş etdirilmişdir. Bu eksponatlar XII-XIII əsrin əvvəllərinə aid olub Azərbaycanın əsasən Gəncə, Beyləqan, Bərdə, Mingəçevir, Şabran, Naxçıvan şəhərlərində aşkar olunmuşdur. Bəzi eksponatlar ilk dəfə olaraq sərgidə təqdim olunmuşdur.
Akademik İsa Həbibbəyli Nizami yaradıcılığının elmə verdiyi töhfələr haqqında ətraflı çıxış edərək xalqımızın tarixi yaddaşında silinməz iz qoyan, tükənməz araşdırma mənbəyi olan Nizami Gəncəvi irsinin gələcək nəsillərə örnək olacağını və sərgidə nümayiş olunan eksponatların tədqiqat xarakterli olduğunu vurğulamışdır.
Daha sonra Bəxtiyar Əsgərov şairin “Xəmsə”sinə daxil olan əsərlərə istinadən ibrətamiz kəlamlarında yüksək insani dəyərlərə qiymət verdiyini və dünya irsinə layiqli töhfələr bəxş etdiyini bildirmişdir.
Sərgidə AMEA Gəncə Bölməsi də təmsil olunmuşdur. Bölmənin sərgi guşəsində dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin 870 və 880 illik yubileyləri münasibətilə nəşr edilmiş monoqrafiyalar, həmçinin Bölmənin Nizami Gəncəvi Mərkəzində dərc olunan Nizamişünaslıq elmi jurnalının nömrələri nümayiş etdirilir.
AMEA Gəncə Bölməsini ümumrespublika sərgisində Bölmənin Gənc alim və mütəxəssislər Şurasının sədri Elnur Həsənov təmsil etmişdir. O, Bölmənin sədri akademik Fuad Əliyevin və əməkdaşların adından sərgi təşkilatçılarına təşəkkür bildirmişdir.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.