XIX əsr Azərbaycan ədəbiyyatında maarifçilik ideyaları mövqeyində duran, “Divani-hikmət” ədəbi məclisinin ən fəal üzvlərindən biri, Mirzə Şəfi Vazehin ən yaxın həmkarı və onun ölümündən sonra “Divani-hikmət”ə rəhbərlik edən Mirzə Mehdi Naci öz dövründə halal, haqqsevən, dürüst, dindar, yalana, əyriliyə, riyakarlığa, böhtana qarşı dözülməz bir ziyalı olmuş, yaradıcılığında da insansevər bir sənətkar kimi hər cür saxtakarlığa, əyriliyə, ehkamçılığa qarşı mübarizə aparmışdır.
Mirzə Mehdinin özünə Naci, yəni nicat verən təxəllüsünü götürməsi onun təbibliyi ilə bağlıdır. Naci bir təbib kimi Gəncədə və Gəncəbasarda yaxşı tanınmışdır, onun ayrı-ayrı adamları müalicə etməsi ilə bağlı faktlar əsərlərində də yer almışdır. Bu görkəmli şəxsiyyətin yaradıcılığı tədqiq olunmadığı üçün onun haqqında ədəbiyyat tariximizdə adı yalnız həcvçi (tənqidçi) şair kimi çəkilmişdir. Halbuki, Naci "Divan" əsərində ictimai, fəlsəfi mövzularda yazılmış şeirlər daha çoxdur. Onun qəzəl, müxəmməs, müsəddəs, qoşma, rübai janrlarında yazdığı şeirlərdə zamanın nəfəsi duyulur.
AMEA Gəncə Bölməsində nəşr edilən “Mirzə Mehdi Naci. Seçilmiş əsərləri” kitabında şairin qəzəl, müxəmməs və müsəddəsləri, rübailəri, müxtəlif şerləri, həcvlərdən seçmələr, habelə farscadan tərcümə edilmiş şerlər toplanmışdır və burada şairin güclü humanizmi əks olunmuşdur.
Əsərdə təbib, həkkak və şair olan Mirzə Mehdi Nacinin yaradıcılığı hərtərəfli tədqiq və təhlil olunmuşdur.
AMEA Gəncə Bölməsində çap olunan kitab maarifpərvər şairin çoxşaxəli, zəngin yaradıcılığının daha dərindən araşdırılmasında, tədqiq və təbliğində çox önəmli bir addımdır. Kitabda transliterasiya, tərcümə, tərtib və önsözün müəllifi AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, əməkdar elm xadimi, professor Xəlil Yusiflidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncamı əsasında ərsəyə gələn monoqrafiya bu dahi ədibin irsinin daha dərindən öyrənilməsinə sanballı töhfə, ədəbiyyat tariximizi tədqiq edən ədəbiyyatşünas alimlər üçün qiymətli elmi mənbədir.