Qəbul edildiyi tarix: 5 yanvar 2021 Sənədin növü: Sərəncam
Qəbul edildiyi tarix: 23 Dekabr 2011 Sənədin növü: Sərəncam
2011-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi tamam olmuşdur.
Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.
Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.
Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.
Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır. Bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmiş, lakin İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni araşdırmalar aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir.
1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlayır. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.
Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri ustad sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci ildə keçirilməli idi. Lakin ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna imkan verməmişdir.
Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, hazırkı mərhələdə respublikamızda gənc nəslə mənsub nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində bu gün xüsusilə mühüm əhəmiyyət daşıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi problemləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şərq poeziyasının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2011-ci il.
Qəbul edildiyi tarix: 22 Sentyabr 1975 Sənədin növü: Qərar
Qəbul edildiyi tarix: 4 Oktyabr 1978 Sənədin növü: Qətnamə
Qəbul edildiyi tarix: 28 Yanvar 1981 Sənədin növü: Qətnamə
Qəbul edildiyi tarix: 1 Yanvar 1980 Sənədin növü: Digər
Qəbul edildiyi tarix: 5 Oktyabr 1979 Sənədin növü: Qətnamə