⠀⠀

nizami ganjavi
26 May 2021
Elmi sessiya: Nizami Gəncəvinin əsərlərindəki türkizmlər
Mayın 26-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Nizami Gəncəvinin əsərlərində türkizmlər” mövzusunda onlayn elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İclası giriş sözü ilə açan institutun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Prezident İlham Əliyevin 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi dahi şəxsiyyətin yaradıcılığına olan diqqətin göstəricisidir. Akademik deyib: “Nizami “Xəmsə”sinin 1000-dən çox əlyazması vardır. Çox təəssüf ki, Nizami fars ədəbiyyatının nümayəndəsi kimi təqdir olunurdu. Fars şairi kimi onu qələmə vermək düzgün deyil. Nizami Gəncəvi əsərlərində deyir ki, yaşadığı ərazi də Gəncədir. Nizaminin əsərlərində yaratdıqları da Azərbaycan türkünün düşüncə tərzidir. Nizami təkcə yazıçı, şair deyil, o, böyük ensiklopedik bilik, hikmət sahibidir. Bu mənada Nizaminin əsərləri təkcə bədiiliyi əks etdirmir. Onun əsərlərinin hər biri elmi əsərdir”.

Akademik vurğulayıb ki, Nizami Gəncəvini çox vaxt Firdovsi ilə müqayisə edirlər. Amma Nizaminin əsərlərində mənfi qadın surəti yoxdur. İnsana məhəbbət hissi Nizaminin əsərlərində dahiyanə ifadə olunub. Nizaminin qəhrəmanları da sözü uca tutan, sözə dəyər verən, kitaba hörmət edən şəxsiyyətlərdir.

Tədbirdə professor İsmayıl Kazımov “Nizami Gəncəvi “Xəmsə”sində türk sözləri, Mahmud Kaşğari “Divanı” ilə müqayisədə” , filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvinin nəsil-şəcərəsi haqqında bəzi qeydlər”, filologiya üzrə fəlsəfə doktoru Cahan Ağamirov “Nizami və türklük” və dosent Kubra Quliyeva “Nizami yaradıcılığında “ Tuğan” sözü və tarixi” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxışlarda Nizami Gəncəvi yaradıcılığında 1000-ə yaxın türk sözünün işlədilməsi, şairin Mahmud Kaşğaridən bəhrələnməsi barədə fikirlər səsləndirilib. Bildirilib ki, Nizami yaradıcılığı bütün zamanlarda oxunulacaq.