Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qusar rayon İcra Hakimiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Qusar rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvinin hikmət xəzinəsi” mövzusunda elmi-praktik konfransda danışılıb.
Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş konfransdan öncə Qusar rayon Heydər Əliyev Mərkəzinin foyesində məktəblilərin “Nizamidən incilər” mövzusunda rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirin əvvəlində Qusar Rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Kəmalə Qliçova rayonda "Nizami Gəncəvi İli” ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən, dahi Nizaminin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığından söz açıb.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli konfransa onlayn şəkildə qatılaraq Nizami Gəncəvinin dünya ədəbiyyatındakı nüfuzu, əsərlərindəki ədalət, humanizm, əxlaqi dəyərlər barədə geniş məlumat verib.
Sonra Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova Nizami irsinin tarixiliyi və müasirliyi özündə hifz edən məziyyətlərindən bəhs edərək, mütəfəkkir şairin dünya ədəbiyyatında tutmuş olduğu mövqe barədə fikirlərini bölüşüb.
Konfransda Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı və Nizamişünaslıq şöbəsinin elmi əməkdaşları filologiya üzrə fəlsəfə doktorları, dosentlər Ruhəngiz Əliyeva, Təhminə Bədəlova, Zəkulla Bayramlı, Qürbət Mirzəzadə, Qədim Qubadov, Sabunçu rayon MKS-nin direktoru Nəcibə Hüseynova və digər qonaqlar “Şərq poeziyası və Nizami Xəmsəsi”, “Nizami Gəncəvi yaradıcılığında azad insan və azad cəmiyyət”, “Nizami klassik ədəbiyyatımızın milli kimliyidir”, “Müasir dövlətçilik tariximizdə Nizami irsinə münasibət" mövzularında məruzələrlə çıxış ediblər.
Konfransın sonunda Qusar Dövlət Ləzgi Dram Teatrının təqdimatında “Xeyir və Şər” əsəri əsasında çəkilmiş videotamaşa nümayiş olunub.