⠀⠀

nizami ganjavi
12 İyun 2021
Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş olimpiadaya yekun vurulub
2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 ili tamam olur. İnsanları daim əxlaqi kamilliyə çağıran və onlara yüksək əxlaqi keyfiyyətlər aşılayan qüdrətli söz və düşüncə sahibinin zəngin yaradıcılığının ümumbəşəri mədəniyyət irsi olaraq müstəsna əhəmiyyətini nəzərə alaraq bu il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib. Bu ilin mart-iyun aylarında “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi, Təhsil Nazirliyi və Azərbaycan Dillər Universiteti Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş rus dilində olimpiada keçiriblər. Olimpiadada Azərbaycanın bütün bölgələrindəki rus dilində təlim keçən məktəblərin VII-IX siniflərinin şagirdləri iştirak ediblər.
Olimpiada Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Bank VTB (Azərbaycan)”, Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən "Rusiyaşünaslıq Mərkəzi" Elmi-Tədqiqat Laboratoriyası və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının dəstəyi ilə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, iyunun 12-də Rusiya Günü münasibətilə Avropa Oyunları Parkında olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə "Öz oyunu" olimpiadasının qalibləri üçün intellektual yarışma keçirilib.

Sonra ölkəmizdəki Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri İrek Zinnurov çıxış edib. O, olimpiadanın qaliblərini təbrik edib, belə yüksək savadlı və perspektivli bir gənc nəsil yetişdirdiklərinə görə onların müəllimlərinə və valideynlərinə minnətdarlığını bildirib.

İ.Zinnurov olimpiadanın suallarının kifayət qədər çətin olduğunu, lakin şagirdlərin qoyulan məsələnin öhdəsindən gəldiklərini, əla nəticələr göstərdiklərini qeyd edib.

Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin bütün pandemiya məhdudiyyətlərinə baxmayaraq olimpiadanın ən yüksək səviyyədə keçirildiyini qeyd edib. O, bu cür tədbirlərin görkəmli söz ustadı Nizami Gəncəvinin yaradıcılığının qorunub saxlanmasına və təbliğinə kömək etdiyini vurğulayıb.

Qaliblərə diplomlar və Rossotrudniçestvo və “Bank VTB (Azərbaycan)”ın hədiyyələri təqdim edilib.
Sonda olimpiadanın qalibləri arasında kartinq çempionatı keçirilib.