⠀⠀

nizami ganjavi
23 İyun 2021
Kiyevdə Nizami Gəncəviyə həsr edilmiş tədqiqatın təqdimatı keçirilib
Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasında “Görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı Ukraynada aparılmış araşdırmalar və tərcümələr (1917-2020)” adlı biblioqrafik tədqiqatın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanası çıxış edib. Tədbir görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilib.

Tədqiqatda Nizaminin əsərlərinin Ukrayna dilinə tərcümələri, ukraynalı alimlərin Nizami və onun yaradıcılığı barədə tədqiqatları, habelə böyük Azərbaycan şairi və mütəfəkkiri barədə kitabxananın fondunda saxlanılan məqalələr və digər materiallar haqqında sistemləşdirilmiş informasiya əksini tapıb. Qeyd edilir ki, Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanası dünyanın ən iri 10 milli kitabxanasının siyahısına daxildir və bu kitabxananın fondunda 15.800.000 saxlanma vahidi var.

V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanası müdiriyyəti adından beynəlxalq informasiya və xarici əlaqələr şöbəsinin müdiri Tatyana Arseyenko Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyinə əməkdaşlığa, mədəniyyət və ədəbiyyat sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafına, Nizami yaradıcılığının Ukraynada təbliğinə yönəlmiş əlamətdar və fundamental layihənin dəstəklənməsinə görə təşəkkürünü bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman Zoom onlayn platforması vasitəsilə tədbir iştirakçılarını salamlayıb, Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının elmi-biblioqrafik informasiya şöbəsinin kollektivinə bu tədqiqatın reallaşdırılmasına görə təşəkkürünü bildirib, Nizami Gəncəvi yaradıcılığında multikulturalizm, tolerantlıq, ümumbəşəri dəyələr və humanizm ideyaları barədə söhbət açıb.

Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının elmi-biblioqrafik informasiya şöbəsinin müdiri, sosial kommunikasiyalar üzrə elmlər doktoru Tatyana Dobko tədqiqatı ətraflı təqdim edib, ukraynalı alim və tərcüməçilərin ən fundamental tərcümə və tədqiqat işlərində Nizaminin Ukraynada populyarlaşdırılmasının ən əlamətdar dövrləri üzərində dayanıb. Məsələn, 1947-ci ildə Nizaminin “Leyli və Məcnun” poemasının Leonid Pervomayski tərəfindən Ukrayna dilinə tam həcmdə yeganə tərcüməsinin çapdan çıxmasının əhəmiyyəti vurğulanır.
Tədbirin moderatoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk Nizaminin Ukraynada daha da populyarlaşması üçün bu biblioqrafik tədqiqatın əhəmiyyəti barədə söhbət açıb, araşdırmanın ayrı-ayrı bəndlərini təhlil edib, Lev Lopatınski, Aleksandr Novrotski və Mkola Qulakın Nizami haqqında işləri üzərində dayanıb. Ukrayna auditoriyasında Nizaminin əsərləri ilə bağlı hansı tədqiqatlara və tərcümələrə daha çox ehtiyac olması barədə tezislər səslənib. Qeyd edilib ki, təqdim olunan araşdırma Nizami yaradıcılığını öyrənməyi planlaşdıran Ukrayna alimləri üçün yeni imkanlar yaradır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Fəxri Uğurlu da Zoom onlayn platforması vasitəsilə təqdimat mərasimində çıxış edib. O, Azərbaycanın ədəbi ənənələri tarixində Nizami yaradıcılığının rolu və Nizami əsərlərinin populyarlaşdırılması imkanları barədə məlumat verib.
Tədqiqatın reallaşdırılmasında iştirak etmiş əməkdaşlar – böyük elmi işçi, tarix elmləri namizədi Aleksandr Dudnik, kiçik elmi işçi Andrey Jabin, kiçik elmi işçi Anjela Şumilova, kiçik elmi işçi Svetlana Blindarçuk tədbirdə məruzələrlə çıxış ediblər.

Marina Qonçaruk bu araşdırmanı həyata keçirmiş kollektiv üzvlərinə, kitabxana müdiriyyətinin nümayəndələrinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi adından təşəkkür sertifikatları və hədiyyələr təqdim edib, kitabxananın fonduna yeni kitablar bağışlayıb.

Tədbirdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin yeni və ən yeni tarix kafedrasının dosenti, tarix elmləri namizədi Oleq Kupçik, Kiyev Milli Linqvistika Universitetinin beynəlxalq əməkdaşlıq və akademik mobillik şöbəsinin rəisi, filologiya elmləri namizədi Anastasiya Pojar, Kiyev Milli Linqvistika Universitetinin Heydər Əliyev adına Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin direktoru İntiqam Şıxızadə, “Kiyev-Mogilyan Akademiyası” Milli Universitetinin humanitar elmlər fakültəsinin professoru, tarix elmləri doktoru Fərhad Turanlı, Səməd Vurğun adına Kiyev Kitabxanasının müdiri Qalina Çebotaryova, Kiyev Milli Linqvistika Universitetinin Azərbaycan dili və ədəbiyyatı şöbəsinin tələbələri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin şərqşünaslıq şöbəsinin tələbələri, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, alimlər və müəllimlər də iştirak ediblər.