Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva Ukraynada keçirilən XXX beynəlxalq dil və mədəniyyət konfransında “Nizami Gəncəvinin nəsil şəcərəsi və ədəbi irsi” mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, Ukrayna Milli Elmlər Akademiyasında keçirilən konfransın plenar iclasında azərbaycanlı alimin çıxışı böyük marağa səbəb olub.
Konfransın Təşkilat Komitəsinin sədri, Ukrayna Yazıçılar Birliyinin üzvü Dmitri Buraqo nizamişünas alim Zəhra Allahverdiyevanı elmi ictimaiyyətə təqdim edərkən Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasətindən və ölkənin güclü elmi-mədəni potensiala malik olmasından bəhs edib. O, Nizami Gəncəvi yaradıcılığının həm Azərbaycan xalqına, həm də bütün dünya mədəniyyətinə məxsus olduğunu və dahi şairin əsərlərinin Ukrayna dilinə yeni tərcümələrinin nəzərdə tutulduğunu qeyd edib.
Beynəlxalq konfransda nizamişünas alimin iştirakı Azərbaycan Respublikasının Ukraynadakı səfiri, Xalq yazıçısı Elmira Axundovanın təşəbbüsü və AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin təqdimatı əsasında reallaşıb.
Konfransda Ukrayna, eləcə də dünyanın bir çox ölkələrindən tanınmış alimlər iştirak ediblər.