AMEA Humanitar və İctimai Elmlər Bölməsinin institutları tərəfindən “Nizami Gəncəvi İli” çərçivəsində indiyədək 13 kitab nəşr olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının 2021-ci ilin I yarımilliyindəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair onlayn iclasda bildirilib.
İclasda Elmi şuranın sədri, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən danışıb. Akademik diqqətə çatdırıb ki, bu istiqamətdə respublika və beynəlxalq miqyasda 21 tədbir, çoxsaylı ustad dərsləri, məktəblilərlə görüş, elmi-metodiki seminarlar keçirilib, sərgi və ekspozisiyalar təşkil edilib.