⠀⠀

nizami ganjavi
25 İyun 2021
Aqrar Universitetdə “Nizami Gəncəvi İli" çərçivəsində beynəlxalq elmi-praktik konfrans keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) "Nizami Gəncəvi İli" çərçivəsində xarici və ölkə alimlərinin iştirakı ilə “Nizami Gəncəvinin əsərlərində ümumbəşəri ideyalar” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn formatda keçirilən konfransda Türkiyə, Özbəkistan, Norveç, Rumıniya, Tatarıstan, Sloveniya və Hindistandan tanınmış alimlərlə yanaşı, yerli universitetlərin nümayəndələri və mütəxəssislər də iştirak ediblər.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov konfrans iştirakçılarını salamlayaraq, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsini Azərbaycan mədəniyyətinə ehtiramın təzahürü olduğunu qeyd edib, Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığının nəinki ölkəmizdə, dünya ədəbiyyatında da əvəzsiz yeri olduğundan söz açıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş direktoru, akademik İsa Həbibbəyli, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Daşkənd Dövlət Universitetinin əməkdaşı, dosent Gulbahor Aşurova, Selçuk Universitetinin Fars Dili və Ədəbiyyatı kafedrasının professoru Ali Temizel, Aydın Adnan Menderes Universitetinin dosenti Tuncay Saygın, Araşdırmaçı, mütəxəssis Ranghild Thori, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent Zəhra Allahverdiyeva çıxışlar edərək yüksək milli-əxlaqi, bədii-estetik, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışıblar.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlərin keçirilməsi davam etdiriləcək.