⠀⠀

nizami ganjavi
05 İyul 2021
“Xosrov və Şirin” bədii serialının çəkilişləri davam edir
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən 12 bölümdən ibarət “Xosrov və Şirin” bədii serialının çəkilişləri davam edir. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, “Xosrov və Şirin” serialında poemadakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub. Müasir psixoloji dram strukturunda olan serialın qayəsi həm müasir tamaşaçıları Nizami Gəncəvi yaradıcılığı ilə tanış etmək, həm də onun ədəbi kəlamlarını bir daha diqqətə çatdırmaq, gələcək nəsillərə ötürməkdir.

Eyni zamanda serial göstərəcək ki, dahi Azərbaycan şairinin az qala min il əvvəl yazdığı bir əsərdə dramaturji qaydalar, süjetin inkişaf xətti və sair bu cür prinsiplər necə dəqiqliklə yerinə yetirilib. Buna görə də bu əsər və əsərdəki qəhrəmanlar, xarakterlər bu günün bir çox ədəbi əsərlərindən daha müasir və daha aktualdır. Məhz bu əsərin süjeti əsasında serialın çəkilməsinin bir siyasi səbəbi də var. Məlumdur ki, erməni ədəbiyyatçıları bu əsərdəki Şirin obrazını erməni şahzadəsi kimi təqdim edirlər və bəzi məlumatlara görə Şirin haqqında müəyyən əsərlər yazılır, filmlər çəkilməyə hazırlaşır. Bu baxımdan serialın istehsalı ideoloji vasitə kimi mühüm əhəmiyyət kəsb edir.

Məlumat üçün qeyd edək ki, çəkilişləri Bakının Mərdəkan, Şüvəlan və Maştağa qəsəbələrində aparılan bədii serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, ssenari müəllifləri isə İlqar Fəhmi və Xəyyam Abdullazadədir. Xosrov obrazını Rüstəm Cəbrayılov, Şirini isə Kəmalə Piriyeva canlandırırlar.