⠀⠀

nizami ganjavi
15 İyul 2021
Nizami Gəncəvi irsi Avstriya Milli Kitabxanasında
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi (KİM) “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsini davam etdirir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Avstriya Milli Kitabxanasında Nizami Gəncəvi irsi araşdırılıb. Kitabxanada Nizami Gəncəvi irsinə dair 35 kitab və 4 çoxcildli əsər, 11 əlyazma, 1 dövri nəşr, 1 audiomaterial olmaqla, ümumilikdə 52 əsər üzrə biblioqrafik yazının olduğu müəyyən edilib.

Bu əsərlər Bakı ilə yanaşı, London, Paris, Varşava, Praqa, Vyana, Moskva, Sürix, Daşkənd, Nyu-York, Uppsala, Münhen, Tehran, Şiraz, Kazan, Leypsiq və digər şəhərlərdə Azərbaycan, türk, ingilis, rus, fransız, alman, fars, latın, özbək, Çex dillərində nəşr edilib və ya yazıya alınıb. Araşdırma zamanı məlum olub ki, Avstriya Milli Kitabxanasında Nizami irsinə dair mühafizə olunan ən qədim əlyazma XV əsrin böyük divan şairi Şeyhi (1373-1422) tərəfindən tərcümə edilən və 1475-ci ildə Sarayevoda türk dilində yazıya alınmış “Xosrov və Şirin” poemasıdır. Ən son material isə “Leyli və Məcnun”dan bəhs edən audiomaterial (2 CD) olmaqla 2011-ci ildə Vyanada alman dilində qeydə alınıb.