⠀⠀

nizami ganjavi
07 Sentyabr 2021
“Nizami Gəncəvi İli”nə həsr olunmuş “Ümumrespublika Xəmsə Festivalı”na start verilib
Sentyabrın 7-də YAP Binəqədi rayon təşkilatında partiyanın Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Ümumrespublika Xəmsə Festivalı”na start verilib.

AZƏRTAC xəbər verir ki, YAP Binəqədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Ramiz Göyüşov dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli" elan edildiyini diqqətə çatdırıb. Bildirib ki, paytaxt və bölgələrdə bununla bağlı silsilə tədbirlər keçirilir, gənclərin Nizami yaradıcılığı barədə daha dolğun məlumatlar əldə etmələri üçün geniş imkanlar yaradılır.

Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu xüsusi qeyd edən R.Göyüşov vurğulayıb ki, ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülüb. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə qeyd edilir. Prezident İlham Əliyevin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyini nəzərə alaraq 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi də bunun bariz nümunəsidir.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov açıq havada keçirilən intellektual festivalın məqsədinin Azərbaycan gəncliyinin dünyagörüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri inkişaf etdirmək və milli-mənəvi dəyərlərimizə, tariximizə bağlı vətəndaş kimi formalaşmalarına dəstək vermək olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın bütün regionlarını əhatə edəcək festivalda ümumilikdə 420 gənc iştirak edəcək. Yeni Azərbaycan Partiyasına üzv və bitərəf gənclərdən formalaşdırılmış 84 komanda festival çərçivəsində 9 regional turda mübarizə aparacaq.

B.İslamov, eyni zamanda, bu səpkili tədbirlərin Azərbaycan gəncliyinin tariximiz, ədəbiyyatımız, milli-mənəvi dəyərlərimiz barədə zəngin biliklər əldə etmələri üçün əhəmiyyətindən danışıb.
Sonra dahi Azərbaycan şairinin bəşəriyyətə bəxş etdiyi “Xəmsə” əsasında intellektual yarışmalara start verilib.
Sentyabr ayı ərzində davam edəcək layihənin finalının dahi şair Nizami Gəncəvinin ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratdığı nəzərə alınaraq Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub.